orta_dehliz_optimized_50

Qazaxıstan hökuməti: Cənub-Şərqi Asiya, Fars körfəzi və Avropa ölkələri TBNM-in inkişafında maraqlıdır

Qazaxıstan Azərbaycan, Türkiyə və Gürcüstanla birlikdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM – Orta Dəhliz) inkişafı üzərində işləyir.

“Qazaxıstan hökuməti 2027-ci ilə qədər Qazaxıstan, Azərbaycan, Türkiyə və Gürcüstan arasında “dar boğazlar”ın aradan qaldırılması və Orta Dəhlizin inkişafı üzrə Yol Xəritəsinin həyata keçirilməsi üzərində işləyir ki, bu da bu marşrutun ötürücülük qabiliyyətini ildə 10 milyon tona artırmağa imkan verəcək”, – məlumatda bildirilib.

Qeyd edilib ki, marşrutun cəlbediciliyini və rəqabət qabiliyyətini artırmaq üçün onun bütün uzunluğu boyunca vahid multimodal xidmət yaradılıb.

“Hazırda Qazaxıstan və Azərbaycan dəmir yollarının informasiya sistemləri DTC (Digital Trade Corridor) platformasının gömrük modulu – “Tez Customs”, ilə inteqrasiya olunub, Gürcüstan dəmir yolları ilə də oxşar işlərin aparılması planlaşdırılır. Bu nailiyyətlər tərəfdaşlarla birgə işin səmərəliliyini və Orta Dəhlizin inkişafının vacibliyini təsdiqləyir. Onun sabit və rəqabətqabiliyyətli marşrut kimi inkişafına təkcə dəhliz boyu yerləşən ölkələr deyil, Cənub-Şərqi Asiya, Fars körfəzi və Avropa regionları da maraq göstərir”, – məlumatda vurğulanıb.

2024-cü ilin 7 ayının sonunda daşınmalar 2,56 milyon ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 63 % çoxdur.

Xatırladaq ki, Orta Dəhliz kimi tanınan TBNM Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropa ölkələrinə qədər uzanır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti dəhlizin bir hissəsidir.