Qazaxstan-Gurcustan

В казахстане и Грузии, Средней Коридора развитие обсудили

Qazaxıstanın Baş naziri Oljas Bektenov sentyabrın 19-da Astanada Gürcüstanın Baş nazirinin birinci müavini – iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) daxil olmaqla tranzit-nəqliyyat sahəsində əməkdaşlığı müzakirə edib. Bu barədə Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir.

“Qazaxıstan və Gürcüstan TBNM-in inkişafı çərçivəsində fəal əməkdaşlıq edirlər. Bu marşrut üzrə yüklərin daşınması ötən il 65 %, bu ilin 8 ayında isə 69 % artaraq 2,9 milyon tona çatıb. Dövlət başçısı Orta Dəhlizin inkişafına böyük diqqət yetirir və biz bu marşrut üzrə daşımaların həcmini 10 milyon tona çatdırmağı hədəfləyirik”, – Qazaxıstanın Baş naziri bildirib.

O.Bektenov, həmçinin TBNM marşrutu üzrə, o cümlədən Bakı-Tbilisi-Qars xətti üzrə rəqabətqabiliyyətli tarif şərtlərinin yaradılması, daşınma müddətlərinin azaldılması və daşımaların həcminin artırılması istiqamətində birgə işlərin davam etdirilməsinin vacibliyini qeyd edib. Bununla yanaşı, nəqliyyat dəhlizinin aktiv rəqəmsallaşdırılması zərurəti də qeyd olunub ki, bu da onun beynəlxalq daşıyıcılar üçün cəlbediciliyini artıracaq.

Görüş zamanı O.Bektenov və L.Davitaşvili kənd təsərrüfatı, enerji, turizm, aviasiya sənayesi və mədəni-humanitar əlaqələrin gücləndirilməsi sahələrində əməkdaşlıq məsələlərini də müzakirə ediblər.

Qeyd olunub ki, Gürcüstan Qazaxıstanın Cənubi Qafqazda mühüm və etibarlı tərəfdaşıdır. Bu ilin birinci rübündə gürcü investorları Qazaxıstan iqtisadiyyatına 88,5 milyon ABŞ dollar investisiya yatırıb, cəmi 10 il ərzində onların həcmi 500 milyon ABŞ dollarını ötüb.

Xatırladaq ki, Orta Dəhliz kimi tanınan TBNM Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropa ölkələrinə qədər uzanır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti dəhlizin bir hissəsidir.